(+99412) 436-85-41

"Əl-Cəzirə" media şəbəkəsinin jurnalisti Avrasiya Təhsil Mərkəzində seminar keçirdi

"Əl-Cəzirə" media şəbəkəsinin jurnalisti Avrasiya Təhsil Mərkəzində seminar keçirdi

Mayın 19-da, İzmir Parkı yaxınlığında İnşaatçılar prospekti 40-da yerləşən Avrasiya Təhsil Mərkəzinin qonağı, dünya şöhrətli media şəbəkəsi Əl-Cəzirənin jurnalisti Şafiq Mandai idi.

Müzakirə mövzusu media və jurnalistika olub: mediada problemlər və imkanlar.

Seminarda müxtəlif məktəblər və universitetlərdən 20-dən çox adam, eləcə də xüsusi qonaqlar, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və Azərbaycan Yazıçılar Birliyinin üzvü Elçin Mirzəbəyli iştirak ediblər.

Demək olar ki, seminar başlayan andan iştirakçılar maraqlı və həyəcanlı ingilis dili danışıq praktikası və müzakirələri prosesinə cəlb olunublar. Şafiq Mandai "Əl-Cəzirə" media şəbəkəsindəki təcrübəsi barədə danışıb. O həmçinin, bir müddət əvvəl Azərbaycanın cəbhə xəttində məskunlaşan qaçqın və məcburi köçkünlərin yaşayış yerlərini ziyarət etdiyini, yerli əhali və vəzifəli şəxslərlə söhbəti zamanı yaranan təəssüratları bölüşüb.

Qeyd edək ki, səfər Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən təşkil olunub.

Seminar iştirakçıları beynəlxalq təcrübəsini mümkün qədər öyrənmək üçün qonağa çox sayda sual ünvanlayıblar.

Seminarın sonunda iştirakçılar xatirə fotosu çəkdiriblər və növbəti seminar üçün ideyaları müzakirə ediblər.

Qeyd etmək lazımdır ki, Avrasiya Təhsil Mərkəzi müntəzəm olaraq yerli və beynəlxalq ekspertlərin iştirakı ilə pulsuz seminarlar, təlimlər və konfranslar təşkil edir. Bu tədbirlərin məqsədi aktual mövzuları müzakirə etmək və iştirakçılar arasında dil baryerini aradan qaldırmaq üçün interaktiv platforma yaratmaqdır.

Avrasiya Təhsil Mərkəzi Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası yanında Əsas məşvərətçi statusa malik Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbərliyi altında yaradılıb. Mərkəz Azərbaycanda ECL statusu almış ilk qurumdur. Bu status tələbəyə əvvəlcə hazırlıq kursu keçməyə, daha sonra imtahandan uğurla keçməklə beynəlxalq dil sertifikatı almaq imkanı verir. “Avrasiya” Təhsil mərkəzi bir sıra xarici dillərin öyrənilməsini təklif edir, tələbələrə xaricdə təhsil almağı təklif etməklə bütün dünyadan olan nüfuzlu beynəlxalq universitetlərlə, kollec və instiutlarla əməkdaşlıq edir.

22.05.2018
  •